İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, ABŞ ilə danışıqlar prosesinə qayıtmaq hələ də mümkündür, lakin bunun üçün Vaşinqton təzyiq siyasətindən imtina etməlidir.
Araqçi sosial şəbəkədəki paylaşımında ABŞ administrasiyasını İranla hörmət əsasında dialoq aparmağa, ölkənin hüquqlarını tanımağa və üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırıb.
Nazir vurğulayıb ki, diplomatiyanı yenidən konstruktiv məcraya qaytarmaq mümkündür:
“Bunun üçün ABŞ bir sadə faktı anlamalıdır: təzyiq işləmir.”
Araqçinin açıqlaması region ölkələrinin ABŞ–İran gərginliyini diplomatik yolla azaltmağa çalışdığı bir vaxtda səslənib. Qatar, Oman və Pakistan son günlər tərəflər arasında vasitəçilik səylərini intensivləşdirib.

