İran ilə ABŞ arasında Omanda keçirilən danışıqlar başa çatıb. İran tərəfi görüşlərin “hələlik” sona çatdığını açıqlayıb.
İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçi, ABŞ tərəfinə isə Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edib. Omandan daxil olan məlumatlara görə, danışıqlar dolayı formatda və bir neçə mərhələdə keçirilib. Dolayı görüşlərdə vasitəçilik Oman Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilib.
İran mətbuatının məlumatına görə, iki ölkə arasında aparılan danışıqlar “hələlik” dayandırılıb. Görüşlərin nə vaxt davam edəcəyi hələlik məlum deyil. Bununla belə, İran mediası danışıqların gələcəkdə davam edəcəyinin gözlənildiyini yazır. Bildirilir ki, görüşlərdən sonra İran nümayəndə heyəti qaldıqları otellərə qayıdıb.
Qeyd olunur ki, bu görüşlər ABŞ-ın iyun ayında İsraillə birlikdə İrandakı nüvə obyektlərinə endirilən zərbələrdən sonra iki ölkə arasında baş tutan ilk birbaşa təmas xarakteri daşıyır.Görüşlər ərəfəsində İran diplomatiyaya üstünlük verən mövqe nümayiş etdirib. Xarici işlər naziri Abbas Araqçi sosial şəbəkə X-də paylaşım edərək bildirib ki, İran danışıqlara “açıq gözlərlə və keçmişin yaddaşı ilə” daxil olur.
Araqçi öhdəliklərin yerinə yetirilməsi, bərabərlik və qarşılıqlı hörmətin dayanıqlı razılaşmanın əsası olduğunu vurğulayıb.

