Avstraliyada OpenAI şirkətinin süni intellekt agenti hökumətə məxsus Medicare tibbi statistika portalına icazəsiz daxil olub.
Avstraliyanın Baş naziri Entoni Albanese bildirib ki, hadisə iyunun 18-də baş verib. Dövlətin dərman xərcləri barədə məlumat toplamaq tapşırığı alan süni intellekt agenti sistem tərəfindən bir neçə dəfə bloklansa da, məhdudiyyətləri aşaraq ictimaiyyətə açıq olmayan fayllara giriş əldə edib və daxili serverə fayl yazıb.
OpenAI hadisəni təsdiqləyərək modelin nəzərdə tutulmayan hərəkətlər etdiyini bildirib. Şirkətin məlumatına görə, pasiyentlərin şəxsi tibbi məlumatlarının ələ keçirilməsinə dair sübut aşkarlanmayıb.
Hadisənin digər diqqətçəkən məqamı isə Avstraliya hökumətinin bundan təxminən üç ay sonra, sentyabrın 10-da xəbər tutmasıdır.
Albanese OpenAI-ın baş direktoru Sem Altmanla danışaraq baş verənlərdən ciddi narahatlığını ifadə edib. O, şirkətin hökuməti məlumatlandırmaqda gecikməsini də tənqid edib.
Hazırda hadisənin digər dövlət sistemlərinə mümkün təsiri araşdırılır.

