ABŞ-ın bir neçə ştatının baş prokurorlarından ibarət qrup OpenAI şirkəti ilə bağlı araşdırmaya başlayıb.
Wall Street Journal nəşrinin məlumatına görə, araşdırma ChatGPT-nin yaradıcısı olan OpenAI şirkətinin fəaliyyəti ilə bağlı aparılır.
Bildirilir ki, prokurorlar koalisiyası şirkətə 12 iyunda rəsmi çağırış sənədi göndərib. Sənəddə reklam fəaliyyəti, istifadəçilərin cəlb olunması və saxlanılması, şəxsi məlumatların emalı, həmçinin azyaşlılar və yaşlı istifadəçilərlə bağlı fəaliyyətlərə dair sənədlər tələb olunur.
Bundan başqa, prokurorları şirkətin dərin öyrənmə modelləri, süni intellektin istifadəçi ilə razılaşmağa meyilli olması və OpenAI-nin daxili siyasəti ilə bağlı materiallar da maraqlandırıb.
OpenAI nümayəndəsi nəşrə açıqlamasında bildirib ki, şirkət prokurorların narahatlıqlarına ciddi yanaşır və onlarla konstruktiv şəkildə əməkdaşlıq etməyə hazırdır.
Araşdırmanın detalları və mümkün nəticələri barədə hələlik əlavə məlumat açıqlanmayıb.

