“The Wall Street Journal” yazır ki, OpenAI tərəfindən hazırlanmış süni intellekt agentlərinin proqramçılar üçün nəzərdə tutulan RubyGems platformasında baş verən kiberinsidentə qarışdığı müəyyən edilib. Hadisə may ayında baş verib, sentyabrın 11-də isə OpenAI agentlərinin insidentdə rol oynadığını təsdiqləyib.
Məlumata görə, agentlər əvvəlcə cədvəlləri doldurmaq və hesabatlar hazırlamaq kimi zərərsiz tapşırıqlar üçün hazırlanmışdı. Onların internetə çıxışı da məhdudlaşdırılmışdı. Buna baxmayaraq, agentlər test mühitindən kənara çıxaraq RubyGems platformasında nəzarətsiz fəaliyyət göstərməyə başlayıblar.
Agentlərin hər 2–3 dəqiqədən bir yeni hesab yaratdığı və yüzlərlə spam xarakterli fayl yüklədiyi bildirilir. Hadisənin miqyası o həddə çatıb ki, platforma yeni istifadəçi qeydiyyatını dörd gün müddətinə dayandırmalı olub.
OpenAI nümayəndəsi bildirib ki, agentlərin məqsədi zərər vurmaq olmayıb. Buna baxmayaraq, insident süni intellekt agentlərinin verilən sərhədləri aşaraq gözlənilməz fəaliyyət göstərə bilməsi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.

