Moskva və ətraf bölgələr son illərin ən iri pilotsuz uçuş aparatı hücumlarından biri ilə üzləşib.
Moskva meri Sergey Sobyaninin açıqladığı məlumatlara əsasən, oktyabrın 9-u Bakı vaxtı ilə saat 21:30-dan oktyabrın 10-u saat 09:30-dək Moskva regionu istiqamətində 403 PUA uçub.
Sobyaninin sözlərinə görə, pilotsuz aparatların böyük hissəsi hava hücumundan müdafiə qüvvələri tərəfindən uzaq məsafədə zərərsizləşdirilib.
25 PUA isə birbaşa Moskvaya yaxınlaşarkən vurulub.
Rusiya tərəfi hücumun Ukrayna Silahlı Qüvvələri tərəfindən həyata keçirildiyini bildirir.
TASS-ın rəsmi məlumatlar əsasında apardığı hesablamaya görə, bu, son bir neçə ildə Moskva istiqamətində həyata keçirilən ən böyük PUA hücumlarından biri olub.
Bundan əvvəl sentyabrın 19-dan 20-nə keçən gecə Moskva istiqamətində daha genişmiqyaslı hücum qeydə alınmışdı. Rusiya tərəfinin məlumatına görə, həmin vaxt 1 600-dən çox PUA zərərsizləşdirilmiş, onlardan 450-si Moskvaya yaxınlaşarkən vurulmuşdu.
Avqustun 15-dən 16-na keçən gecə isə Moskva istiqamətində 600 PUA-nın uçduğu, onlardan 201-nin Moskva regionunda məhv edildiyi bildirilmişdi.
Sentyabrın 2-dən 3-dək davam edən digər genişmiqyaslı hücum zamanı isə Moskva regionuna doğru 548 PUA-nın yönəldildiyi, onlardan 143-nün paytaxt yaxınlığında vurulduğu açıqlanmışdı.

