ABŞ yaxın günlərdə İrana yenidən hərbi zərbə endirə bilər.
Bu barədə ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak amerikalı jurnalist və bloqer Mario Navfala müsahibəsində bildirib.
Barrak bu həftəsonu İrana zərbə endirilməsinin mümkün olub-olmaması barədə suala “Əlbəttə” cavabını verib.
Diplomatın sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp İrana yeni zərbə endirilməsi barədə əmri hətta bu axşam da verə bilər. Bununla belə, o, məsələnin diplomatik yolla həllinin hələ də mümkün olduğunu vurğulayıb.
Eyni zamanda ABŞ-nin Suriya və İraq üzrə xüsusi nümayəndəsi olan Barrak bildirib ki, Tramp razılaşma əldə etməyə və danışıqlara açıqdır, lakin öz tələblərini də aydın şəkildə ortaya qoyub.
Onun sözlərinə görə, hazırda qəbul ediləcək qərarlar Yaxın Şərqin yeni regional razılaşmaya, yoxsa növbəti dağıdıcı qarşıdurmaya doğru gedəcəyini müəyyən edə bilər.
Barrak mümkün hərbi əməliyyatların İranda hakimiyyət dəyişikliyi məqsədi daşımayacağını da qeyd edib.
“Prezident tarazlığın bərpasında maraqlıdır. Məqsəd girovların, təhdidlərin olmaması və dünyada sakitliyin təmin edilməsidir”, – deyə diplomat bildirib.

