Tur operatoru Türkiyədən Rusiyaya gedən rusiyalı turistlərin olduğu təyyarənin harada eniş etdiyini müəyyənləşdirə bilməyib.
Profi Travel-in məlumatına görə, hadisə avqustun 19-na keçən gecə baş verib.
Pegasus Airlines-a məxsus təyyarə Antalyadan havaya qalxaraq Samaraya istiqamətlənib. Lakin uçuş zamanı Samara hava limanında məhdudiyyətlər tətbiq edildiyindən təyyarə alternativ hava limanına yönləndirilib.
Qarışıqlıq da bundan sonra yaranıb. Tur operatoru təyyarənin Türkiyənin Ərzurum şəhərinə endiyini bildirsə də, sərnişinlər Trabzondan əlaqə saxlayıblar.
Samara hava limanının onlayn tablosunda isə reysin avqustun 20-də yerli vaxtla saat 18:00-da Trabzondan Samaraya çatacağı göstərilib.
Tur agentlərindən biri bildirib ki, gecə reysinin sərnişinləri Samara əvəzinə Trabzona eniblər və Rusiyaya nə vaxt uçacaqları barədə məlumatları yoxdur.
Onun sözlərinə görə, turistlər su və yeməklə təmin olunmaqda da çətinlik çəkiblər.
Məlumata görə, Pegasus Airlines nümayəndəsi hələlik sərnişinlərlə əlaqə saxlamayıb.

