Fransanın paytaxtı Paris üzərində hava məkanında buraxılan fişənglər səbəbindən sərnişin təyyarəsi planlaşdırıldığı kimi eniş edə bilməyib. Bu barədə Daily Mail məlumat yayıb.
Məlumata görə, hadisə hava limanının uçuş-enmə zolağı yaxınlığında keçirilən toy korteji zamanı atılan fişənglər səbəbindən baş verib.
Bildirilib ki, bazar günü gecə saatlarında pilot enişə saniyələr qalmış zolaqda kiçik partlayışları müşahidə edib və dərhal qərarını dəyişib.
Təyyarənin kapitanı sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün enişdən imtina edərək sürətlə hündürlük qazanıb və hava gəmisini təhlükəli zonadan uzaqlaşdırıb. Daha sonra təyyarə başqa zolağa yönləndirilib və uğurla eniş edib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Məlumata əsasən, toy kortejində təxminən 15 avtomobil iştirak edib, lakin iştirakçılar saxlanılmayıb.

