Spirtli içkilər və şirniyyatlar beyin fəaliyyətinə ən mənfi təsir göstərən məhsullardır. Bu barədə KP.RU-ya açıqlamasında dietoloq Zinaida Medvedeva bildirib. Onun sözlərinə görə, heyvani mənşəli məhsulların həddindən artıq qəbulu da beynin normal işləməsinə zərər verir.
Medvedeva qeyd edib ki, beyin üçün ən zərərli məhsullar şirin qidalardır. Şokolad və ya şirin qazlı içkilərdən sonra yaranan enerji artımı yalnız qısamüddətli olur. Bu qısa eyforiyadan sonra isə yorğunluq, yuxululuq, yaddaşın zəifləməsi və idrak funksiyalarının pozulması baş verir.
Mütəxəssis əlavə edib ki, yağlı ət və kərə yağı tərkibindəki doymuş yağların çoxluğu səbəbindən sinir sisteminin fəaliyyətini poza bilər. Alkoqol isə damarları daraldaraq beynə gedən oksigenin miqdarını azaldır. Bu da zamanla beyin qabığı və beyincikdə zədələnmələrə səbəb ola bilər.
Dietoloq belə məhsulların məhdudlaşdırılmasını, əvəzində isə tərəvəzlərin və kalium, maqnezium, natrium, eləcə də C vitamini ilə zəngin karbohidratlı qidaların daha çox qəbul edilməsini tövsiyə edib.

