Qadın ürəyinin əsas düşmənlərinin stress və zərərli qidalar olduğu düşünülür. Lakin mütəxəssislər bildirir ki, qadınların həyatına adi şəkildə daxil olmuş bəzi vərdişlər də ürək-damar sistemini səssizcə zəiflədir.
Bu barədə Piroqov Universitetinin daxili xəstəliklər kafedrasının dosenti Elvira Xaçirova “Gazeta.ru”ya açıqlamasında danışıb.
Həkimin sözlərinə görə, qadın ürəyi fizioloji baxımdan kişilərin ürəyindən daha dözümlüdür, lakin hormonal dəyişikliklərə və stressə daha həssasdır. Menopauzaya qədər ürəyi estrogen qoruyur, amma sağlam olmayan həyat tərzi bu müdafiəni zəiflədir və ürək daha tez yorulur.
1. Sərt pəhrizlər
Bir çox qadın “gözəl olmaq arıq olmaqdır” düşüncəsi ilə sərt və balanssız pəhrizlərə başlayır. Karbohidratdan imtina isə orqanizmdə qlikogen çatışmazlığına səbəb olur. Ürək əzələsi qlükoza ilə qidalanır. Qlükoza olmadıqda bədən zülalı parçalamağa başlayır və bu proses ürək əzələsinə də təsir edir. Nəticədə miokard distrofiyası və aritmiya riski artır.
Həkim arıqlamağın tədricən və balanslı şəkildə, rasionda dənli bitkilər və tərəvəzlər saxlanılmaqla aparılmasını tövsiyə edir.
2. Xroniki yuxusuzluq
“Gecikdirilmiş həyat sindromu” – gün ərzində iş və ailə, gecə isə özünə vaxt ayırmaq. Bu səbəbdən bir çox qadın 6 saatdan az yatır.
Yuxu sinir sisteminin istirahət etdiyi və ürəyin ritmini azaltdığı yeganə dövrdür. Yuxusuzluq zamanı kortizol səviyyəsi artır, damarlar daim gərgin qalır və təzyiq dalğalanır. Uzunmüddətli yuxu çatışmazlığı infarkt riskini 30 faiz artırır.
3. Hündür daban ayaqqabılar
Hündür dabanla yerimək hərəkət biomekanikasını pozur. Baldır əzələlərinin “nasos funksiyası” zəifləyir, venoz qan ürəyə normal qayıtmır. Bu isə venoz durğunluq, ürəyə əlavə yük və tromboz riski yaradır.
Mütəxəssis dabanın hündürlüyünün 5 santimetrdən artıq olmamasını və hər gün istifadə edilməməsini məsləhət görür.
4. Ağrıkəsicilərdən sui-istifadə
Qadınların tez-tez qəbul etdiyi qeyri-steroid iltihabəleyhinə dərmanlar mayenin saxlanmasına, təzyiqin yüksəlməsinə səbəb ola bilər. Bu preparatlar böyrəklərə də mənfi təsir edir, halbuki böyrəklər arterial təzyiqin tənzimlənməsində əsas rol oynayır.
Həkim əlavə edib ki, siqaret, çoxlu qəhvə və energetik içkilər də ürəyə ciddi zərər vurur. Nikotin koronar damar spazmına səbəb olur, yüksək dozada kofein isə aritmiya və sinir sisteminin tükənməsinə gətirib çıxarır.

