Yunanıstan sahillərində kruiz gəmisindən dənizə düşən 44 yaşlı qadın 20 saat sonra sağ tapıldı.
Bu barədə Cruise Hive nəşri məlumat yayıb.
Hadisə oktyabrın 9-da İon dənizində, Yunanıstanın Zakintos adası yaxınlığında baş verib. Salvador vətəndaşı olan qadın “Royal Caribbean” şirkətinə məxsus “Odyssey of the Seas” kruiz gəmisindən dənizə düşüb.
Məlumata görə, həmin vaxt gəmi Neapol şəhərinə doğru hərəkət edirdi. Hadisədən xəbər tutan ekipaj dərhal gəmini dayandıraraq geri döndü və sərnişinin axtarışına başladı.
Axtarışlara Yunanıstan Sahil Mühafizəsi, hərbi hava qüvvələri və yaxınlıqdakı digər gəmilər də cəlb olundu.
Qadın təxminən 20 saat açıq dənizdə tək qaldıqdan sonra sağ tapıldı. Onun yerinin müəyyən edilməsində üzərində yanıb-sönən işıq olan xilasedici dairə mühüm rol oynadı.
Qadını axtarışlarda iştirak edən “MSC Rossella III” yük gəmisinin heyəti aşkar etdi. Daha sonra o, xilas edilərək tibbi yardım üçün xəstəxanaya çatdırıldı.
İlkin məlumatlara görə, qadın huşunu itirməmişdi və onda bədən temperaturunun aşağı düşməsi müşahidə olunurdu.
Yunanıstan Sahil Mühafizəsinin nümayəndəsinin sözlərinə görə, qadın gəmidən düşmək istədiyi üçün özünü dənizə atdığını bildirib.
Hadisənin dəqiq səbəbləri və şəraiti ilə bağlı araşdırma davam edir.

