Kürdəmirdə magistral su boru xəttində növbəti dəfə qəza baş verib.
Denmedia.az xəbər verir ki, hadisə Ağsu–Bəhrəmtəpə magistral avtomobil yolunun 29-cu kilometrliyində, rayonun Topalhəsənli kəndindən keçən hissədə qeydə alınıb.
Ərazidə su borusunun tez-tez partlaması sakinlərin ciddi narazılığına səbəb olur. Qeyd edək ki, sonuncu dəfə boru xəttində qəza bu ilin iyul ayının 12-də baş verib. Həmin vaxt aidiyyəti qurumun nümayəndələri televiziya əməkdaşlarına problemin yaxın zamanda köklü şəkildə həll olunacağını bildirmişdilər. Lakin aylar keçməsinə baxmayaraq, problem hələ də davam edir.
Külüllü–Kürdəmir magistral su boru xətti 2013-cü ildə dövlət vəsaiti hesabına tikilərək istifadəyə verilib. Təxminən altı kəndin və ümumilikdə 21 min rayon sakininin içməli su ilə təmin olunması üçün nəzərdə tutulan xəttin diametri 500 millimetrdir.
Qəza baş verən əraziyə aidiyyəti qurumun canlı qüvvəsi və texnikası cəlb olunub. Hazırda nasazlığın aradan qaldırılması istiqamətində işlər görülür.
Bununla belə, boru xəttində təkrarlanan qəzalar sakinlərin gündəlik həyatını çətinləşdirir. Onların sözlərinə görə, suyun tez-tez kəsilməsi ailələri çətin vəziyyətə salır, bəzən isə içməli suyu əlavə vəsait ödəyərək almağa məcbur olurlar.
“Su kəsilməsi çox pisdir. Evdə uşaqlar, yaşlı adamlar var. Nə suyun kəsiləcəyi barədə əvvəlcədən məlumat verirlər, nə də başqa bir xəbərdarlıq olur. Üç gündən bir deyirlər ki, boru partlayıb. Axı bunu birdəfəlik düzəltmək lazımdır. Qış gəlir, soyuqlar düşür. Bilmirəm, bu işin axırı necə olacaq”.
“Çox çətinlik çəkirik, heç nədən istifadə edə bilmirik. Nə içməyə su tapırıq, nə də mal-qaraya verə bilirik. Özümüz də çimə bilmirik. İki-üç gündən bir su kəsilir, boru partlayır. Belə şey olmaz axı. Suyu pulla alırıq. Maşınla, çənlə gətirirlər, bəzən 50 manata satırlar. Məcbur qalıb alırıq. Artıq bu vəziyyətə öyrəşmişik”.
Məsələ ilə bağlı Kürdəmir Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəis müavini Rafael Hacıyev açıqlama verib. O bildirib ki, qəza səhər saat 8-9 radələrində baş verib və məlumat daxil olan kimi idarənin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub.
Rafael Hacıyevin sözlərinə görə, qəzanın aradan qaldırılması istiqamətində işlər operativ şəkildə təşkil edilib və günün sonunadək rayon əhalisinin içməli su ilə təminatının bərpası nəzərdə tutulub.
İdarə rəsmisi magistral su xəttində qəzaların davamlı xarakter aldığını da təsdiqləyib. O qeyd edib ki, problemin köklü şəkildə həlli üçün müvafiq tədbirlər görülür, nazirlik tərəfindən tender keçirilib və qalib müəyyənləşdirilib. Növbəti aylarda qəza baş verən ərazidə 1200 metr uzunluğunda su xəttinin tamamilə yenilənərək əhalinin istifadəsinə verilməsi planlaşdırılır.
Sakinlər isə problemin müvəqqəti tədbirlərlə yox, birdəfəlik həll olunmasını istəyirlər. Onlar su xəttinin tez-tez sıradan çıxmasının qarşısının alınmasını və su təchizatında sabitliyin təmin edilməsini tələb edirlər.

