ABŞ və İran arasında gərginlik qarşılıqlı hücumlarla daha təhlükəli mərhələyə keçib. ABŞ döyüş təyyarələri İranın strateji əhəmiyyətli Bəndər-Abbas limanı və Hörmüz boğazı yaxınlığındakı hədəflərə zərbələr endirib. İran isə buna cavab olaraq Körfəz ölkələrindəki ABŞ qüvvələrini raket və pilotsuz uçuş aparatları (PUA) ilə hədəfə alıb. Bu barədə “Mehr” agentliyi məlumat yayıb.
İranda toy evi vuruldu
Qarşıdurma zamanı İranın Hörmüzqan əyalətində toy mərasiminin keçirildiyi evə bomba düşüb.
İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər həlak olub, 50 nəfər yaralanıb.
İranın müxtəlif bölgələrində partlayışlar
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz bölgəsində İran İslam İnqilabı Keşikçiləri Korpusuna aid hədəflərə hücum başladığını bildirib.
ABŞ ordusunun hücumları elan etməsindən sonra İran mediası Qeşm adası, Bəndər-Abbas, Sirik, Çabahar və Konarakda partlayış səslərinin eşidildiyini yazıb.
İran dövlət televiziyası Kirman əyalətindəki Ciroft hava limanının hədəfə alındığını bildirib. Ölkədə hava hücumundan müdafiə sistemləri işə salınıb.
İran ABŞ PUA-sını vurduğunu iddia edir
IRNA-nın yaydığı məlumata görə, İnqilab Keşikçiləri Korpusu ABŞ-nin ölkənin cənubuna hücumları zamanı bəzi mülki ərazilər də daxil olmaqla çoxsaylı nöqtələrin bombalandığını bildirib.
Açıqlamada qeyd olunub:
“Bu hücumlar Hörmüz boğazının kilidini daha da möhkəmləndirdi və döyüşçülərin Hörmüz boğazına müdaxilə edən xarici qüvvələri sıxışdırmaq əzmini daha da gücləndirdi”.
İnqilab Keşikçiləri həmçinin ABŞ ordusuna məxsus 50-ci “MQ-9” tipli PUA-nı vurduğunu iddia edib.
“Amerika yeni hücumlarına görə peşman olacaq”
İran İnqilab Keşikçiləri Korpusunun sözçüsü Hüseyn Sərdar Mohebbi ABŞ-nin yeni hücumlarına münasibət bildirib.
“Təcavüzkarları ağır cəzalar gözləyir. Amerika yeni hücumlarına görə peşman olacaq”, – o qeyd edib.
İran Silahlı Qüvvələrinin Baş Qərargahı və İnqilab Keşikçilərinin “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının birgə bəyanatında isə ABŞ-yə “sarsıdıcı və dəqiq zərbələr” endiriləcəyi bildirilib.
İran cavab hücumlarına başladı
“Tasnim” agentliyinin məlumatına görə, İran Silahlı Qüvvələri ABŞ-nin regiondakı mövqelərinə raket və PUA hücumlarına başlayıb.
Bildirilib ki, hücumlar ABŞ-nin İranın cənubuna endirdiyi zərbələrə cavab xarakteri daşıyır.
Məlumata əsasən, İran raketlərindən biri İordaniyanın Aqaba şəhərində ABŞ hərbçilərinin olduğu nöqtəyə düşüb.
İranın cavab hücumlarının başlaması barədə xəbərlərdən sonra İordaniyanın Mafraq şəhərində mobil telefonlara xəbərdarlıq mesajları göndərilib, Mafraq və Aqabada həyəcan siqnalları səslənib.
ABŞ qüvvələrinə hücumlarla bağlı hələlik rəsmi açıqlama verilməyib.
İranın Buşehr əyalətində yerləşən Asaluye şəhərinin də ABŞ qüvvələri tərəfindən hədəfə alındığı bildirilib.
Tramp: “Bunlar genişmiqyaslı və güclü hücumlardır”
ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə paylaşım edərək İrana yeni zərbələrin endirildiyini bildirib.
“Hazırda ABŞ Hörmüz boğazı yaxınlığındakı İran hədəflərinə hücum edir. Bunlar genişmiqyaslı və güclü hücumlardır”, – Tramp qeyd edib.
ABŞ Prezidenti hücumların İranın Hörmüz boğazına yenidən dəniz minaları yerləşdirmək cəhdinə və İordaniyadakı Amerika bazasına 8 raket atmasına cavab olduğunu bildirib.
Tramp Tehranı cavab hücumundan çəkindirərək xəbərdarlıq edib:
“Əgər uğursuz İran dövləti bu tamamilə haqlı hücuma cavab verərsə, daha sərt və daha genişmiqyaslı hücumla yenidən vurulacaq”.
O, İrana qarşı “ən böyük” hücumun hələ həyata keçirilmədiyini və belə bir hücumun ölkəyə böyük dağıntılar gətirəcəyini də söyləyib.
Tramp “Fox News”a müsahibəsində də təhdidlərini davam etdirib:
“Əgər cavab versələr, daha sərt zərbə alacaqlar. Bunu yenidən etsələr, artıq mövcudluqlarını davam etdirə bilməyəcəklər”.
ABŞ Prezidenti İranın bəzi ərazilərdə radarları yenidən qurduğunu, ABŞ-nin isə onların tamamlanmasını gözlədikdən sonra həmin obyektləri vurduğunu bildirib.
Tramp İranın razılaşma istiqamətində düzgün addımlar atmadığını da iddia edib:
“Məncə, onlarla bağlanacaq razılaşma yazıldığı kağız qədər belə dəyərli olmaz. Onlara indiyədək çoxlu şans vermişik”.

