UEFA-nın keçmiş əməkdaşına təşkilatdan ayrıldıqdan sonra böyük məbləğdə təzminat ödənildiyi bildirilir. Britaniya mətbuatı qadının FIFA-nın hazırkı prezidenti Canni İnfantino ilə münasibətdə olduğunu iddia edir.
The Telegraph-ın məlumatına görə, hadisələr İnfantinonun UEFA-nın baş katibi olduğu dövrə təsadüf edir. Qadın əvvəlcə inzibati vəzifədə çalışıb, daha sonra rəhbər vəzifəyə yüksəlib və illik gəliri təxminən 160 min İsveçrə frankına çatıb.
Nəşrin iddiasına görə, məsələdən xəbər tutan UEFA-nın o zamankı prezidenti Mişel Platini İnfantinodan vəzifəsi ilə həmin münasibət arasında seçim etməsini istəyib. Nəticədə qadın təşkilatdan ayrılıb, İnfantino isə vəzifəsində qalıb.
Keçmiş əməkdaşa işdən ayrılarkən təzminat ödənildiyi və MBA təhsilinin maliyyələşdirildiyi bildirilir. Təhsil haqqının ildə təxminən 45 min funt sterlinq olduğu qeyd edilir.
UEFA ödəniş faktını təsdiqləsə də, bunun həmin dövrdə qüvvədə olan əməkdaş qaydalarına uyğun həyata keçirildiyini bildirib. İnfantino iddiaları rədd edib, FIFA isə The Telegraph-ın məlumatlarını böhtan və həqiqətə uyğun olmayan iddialar adlandırıb.

