ABŞ-da kollec səviyyəsində keçirilən amerikan futbolu matçı faciə ilə nəticələnib. “William Jewell College” komandasının oyunçusu MicahJo Barnett matç zamanı yaranan tibbi problemdən sonra xəstəxanada vəfat edib.
Hadisə NCAA-nın II divizionunda mövsümün ilk oyununda baş verib. Barnett ilk hissədə 1 yard məsafədən taçdaun etdikdən bir neçə dəqiqə sonra ehtiyat oyunçular skamyası yaxınlığında qəfil özünü pis hiss edib. Təcili tibbi yardım əməkdaşları ona ilkin yardım göstərərək xəstəxanaya çatdırıblar, lakin idmançının həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra qarşılaşma əvvəlcə dayandırılıb, daha sonra isə tamamilə ləğv edilib. Barnettin ölümünə səbəb olan tibbi vəziyyət hələ açıqlanmayıb.
Qeyd edək ki, bəzi ilkin məlumatlarda onun 19 yaşı olduğu göstərilsə də, daha yeni mənbələr Barnettin 20 yaşında olduğunu bildirir. O, biznesin idarə edilməsi ixtisasında təhsil alırdı və universitet komandasının qaçış mövqeyində çıxış edirdi.
Denmedia.az

