Türkiyənin Tokat vilayətində qayınatasının ölümündə şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb. Bu barədə yerli media məlumat yayıb.
Hadisənin Tokatın Artova rayonunda baş verdiyi bildirilir. Məlumata görə, xəstəxanaya yerləşdirilən 88 yaşlı Mustafa Cici həkimlərin müdaxiləsinə baxmayaraq vəfat edib.
İlkin məlumata əsasən, evin qarşısında tərəflər arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb. Daha sonra mübahisənin davaya çevrildiyi bildirilir.
İddialara görə, dava zamanı M.Cici yerə yıxılıb. Gəlinin hadisədən sonra təcili tibbi yardım çağırdığı qeyd olunur. Lakin həkimlərin səylərinə baxmayaraq, yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.
Polis əməkdaşları hadisə ilə bağlı 52 yaşlı K.V.-ni saxlayıblar. Onun Azərbaycan vətəndaşı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

