SHOT Telegram kanalının məlumatına görə, Bali adasında yerləşən beşulduzlu Ayana Resort Bali otelinin hovuzunda çiməndən sonra bir Rusiya vətəndaşının vəziyyəti qəfil pisləşib. Hadisə Cimbaran bölgəsində baş verib. Qadın huşunu itirib və klinikaya aparılarkən ürəyi dayanıb.
Yaxınları otel əməkdaşlarını səhlənkarlıqda ittiham ediblər. İddialara görə, personal təxminən yarım saat sonra köməyə gəlib və ilkin tibbi yardım göstərməyib.
Məlumata əsasən, qadının vəziyyəti pisləşəndə qızı kömək çağırsa da, otel işçiləri reaksiya verməyib. Hadisə yerində olan Cənubi Koreyalı turist dərhal müdaxilə edərək təcili tibbi yardım briqadası gələnədək ürək-ağciyər reanimasiyası aparıb.
Daha sonra otel rəhbərliyi etiraf edib ki, bütün əməkdaşlar ilkin tibbi yardım göstərmək bacarığına malik deyil.

