Dünya bazarlarında neft qiymətləri aşağı düşüb.
Reuters xəbər verir ki, investorlar Hörmüz boğazından neft daşımalarının bərpası və ABŞ-İran danışıqlarının nəticələrini izləyirlər. Son məlumatlara görə, “Brent” markalı neft 0,3% ucuzlaşaraq 77,70 dollar, ABŞ-ın WTI nefti isə 0,2% azalaraq 73,74 dollar olub.
Qiymətlərin enməsinə əsas səbəb regionda gərginliyin azalması və ABŞ-ın İran neftinin satışına dair 60 günlük müvəqqəti lisenziya verməsidir. Bu qərar İran xam nefti və neft məhsullarının satışına, daşınmasına və idxalına müəyyən müddət üçün imkan yaradır.
Analitiklər bildirirlər ki, bazarda əsas diqqət hələ də Hörmüz boğazı ətrafındakı vəziyyətə yönəlib. Bu marşrutdan dünya neft axınının mühüm hissəsi keçdiyi üçün gəmiçilikdəki hər hansı problem qiymətlərə birbaşa təsir edə bilər.
Ekspertlərə görə, diplomatik prosesdə irəliləyiş neft qiymətlərinə azaldıcı təsir göstərsə də, ABŞ və İran arasında etimadsızlıq tam aradan qalxmadığı üçün bazarda ehtiyatlılıq qalır.

