Dünya bazarlarında neft qiymətləri bu gün də təzyiq altında qalıb. Brent markalı neftin fyuçers qiyməti təxminən 95,36 dollar, WTI markalı ABŞ nefti isə təxminən 92,99 dollar səviyyəsində göstərilir. Gün ərzində Brent üzrə ticarət diapazonu 94,37–95,42 dollar aralığında olub.
Qiymətlərin enməsinə əsas səbəb kimi Yaxın Şərqdə gərginliyin azalacağına dair gözləntilər göstərilir. “Reuters”in məlumatına görə, İsrail və Livan arasında atəşkəs razılaşması bazarda təchizat risklərinin azalacağına dair ümidləri artırıb. Nəticədə Brent nefti əvvəlki sessiyada 95,03 dollara, WTI isə 93,04 dollara qədər geriləyib.
Bununla yanaşı, bazarda qeyri-müəyyənlik tam aradan qalxmayıb. Hörmuz boğazı, ABŞ-İran danışıqları və regiondakı hərbi-siyasi risklər neft qiymətləri üçün əsas təsir faktorları olaraq qalır. Beynəlxalq Valyuta Fondu da neft qiymətlərinin gələcək trayektoriyasının münaqişənin müddətindən və Hörmuz boğazının vəziyyətindən asılı olacağını bildirib.

