ABŞ-nin “Tesla” şirkəti havaya qalxaraq maneələrin üzərindən keçə bilən yeni “Roadster” elektrik idman avtomobilini təqdim edib.
Təqdimat zamanı avtomobil havaya qalxaraq öz oxu ətrafında fırlanıb, maneənin üzərindən keçib, həmçinin əyri formalı rampaya qalxaraq oradan aşağı enib.
Təqdimatın görüntüləri X sosial şəbəkəsində yayımlanıb.
Tədbir ABŞ-nin Texas ştatında yerləşən “SpaceX” şirkətinin sınaq poliqonunda keçirilib.
Yeni “Roadster” sıxılmış qaz püskürdən xüsusi başlıqlarla təchiz olunub. Bu sistem avtomobilin havada olduğu müddətdə mövqeyini idarə etməyə imkan verir.

Təqdimatda avtomobilin sınaqlarını əks etdirən video da nümayiş olunub. Kadrlarda “Roadster”in havaya qalxdığı və öz oxu ətrafında çevrildiyi görünür.
Avtomobilin sürət göstəriciləri də diqqət çəkib. Belə ki, “Roadster” cəmi 0,81 saniyə ərzində saatda 60 mil, yəni təxminən 97 kilometr sürət yığa bilib.
Yeni modelin seriyalı istehsalına 2028-ci ildə başlanılması planlaşdırılır.

