NATO-nun “Bombardier ARTEMIS II” kəşfiyyat təyyarəsi Qara dənizin neytral suları üzərində bir neçə saat ərzində uçuş həyata keçirib.
TASS-ın Avropa İttifaqının hava hərəkətinin idarə edilməsi xidmətlərindəki mənbəyə istinadən yaydığı məlumata görə, təyyarə Qara dənizin cənub hissəsində beş saata yaxın uçuşunu davam etdirib.
Mənbə bildirib ki, “Bombardier ARTEMIS II” adətən həftəiçi uçuşlar həyata keçirir, şənbə və bazar günlərinə təsadüf edən missiyalar isə daha az qeydə alınır.
Təyyarənin təxminən Moskva vaxtı ilə saat 08:45-də havaya qalxdığı bildirilir. Uçuş zamanı bort Qara dənizin cənub hissəsində qərbdən şərqə və əks istiqamətdə hərəkət edib.
Məlumata görə, kəşfiyyat təyyarəsi sahilyanı dövlətlərin hava məkanına daxil olmayaraq neytral sular üzərində uçuş həyata keçirib.
“Bombardier ARTEMIS II” Qara dəniz üzərində mütəmadi olaraq müşahidə edilir. Sentyabrın 24-də də eyni tipli təyyarənin Rumıniyanın Konstansa şəhərindəki aerodromdan havaya qalxaraq Qara dənizin cənub hissəsində uçuş həyata keçirdiyi bildirilmişdi.
Təyyarənin Baltikyanı ölkələr üzərində də kəşfiyyat uçuşları həyata keçirdiyi, Estoniyanın Finlandiya körfəzi sahillərinə yaxın ərazidə dövr etdiyi, həmçinin Litva və Polşa hava məkanından, eləcə də Baltik dənizinin neytral sularından istifadə etməklə Kalininqrad vilayəti ətrafında uçduğu bildirilir.

