Serbiyanın hüquq-mühafizə orqanları Kralyevo şəhərində ölkə Prezidenti Aleksandar Vuçicə və onun ailə üzvlərinə qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən iki nəfəri saxlayıb. Bu barədə RIA Novosti Serbiya DİN-in mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxslər təhlükəsizlik agentliyinin əməkdaşları ilə birgə keçirilən xüsusi əməliyyat zamanı, Belqraddan təxminən 200 kilometr cənub-qərbdə yerləşən Kralyevo şəhərində tutulublar. Onların 1975 və 1983-cü il təvəllüdlü olduqları bildirilir.
Polisin açıqlamasına əsasən, həmin şəxslər 2025-ci ilin dekabrından 2026-cı ilin fevralınadək Serbiyada konstitusion quruluşu zorakılıq yolu ilə dəyişdirmək barədə razılığa gəliblər. İddialara görə, onlar ali dövlət orqanlarını devirməyi, silah əldə etməyi və Prezident Aleksandar Vuçiçə, onun həyat yoldaşına və övladlarına hücum edərək qətlə yetirməyi planlaşdırıblar.
Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir.

