ABŞ-da keçmiş keşiş 20 il əvvəl həyat yoldaşının milli parkda qayadan yıxılaraq ölməsi ilə bağlı saxlanılıb. Bu barədə Daily Mail məlumat yayıb.
Məlumata görə, 49 yaşlı Devid Vander Mir qətl və sığorta dələduzluğu ittihamları ilə həbs edilib. İstintaq işi yeni şahid ifadələrindən sonra yenidən gündəmə gəlib.
Hadisə 22 avqust 2006-cı ildə Sion Milli Parkında baş verib. Uzun illər hesab edilirdi ki, Vander Mirin həyat yoldaşı Bernadett Angels Landing qayalığından təsadüfən yıxılıb.
Vander Mir həmin gün günəşin doğuşu fonunda həyat yoldaşının şəklini çəkdiyini, bir anlıq diqqətinin yayındığını, daha sonra isə qadının yıxıldığını gördüyünü iddia edirdi.
Lakin 2022-ci ildə müstəntiqlər Vander Mirin gənclərdən ibarət kilsə qrupundakı bir qızla münasibətinin olduğunu müəyyən ediblər. İddiaya görə, o, bir neçə il həmin şəxslə gizli görüşüb, onun üçün ayrıca telefon alıb və görüşlər üçün mənzil kirayələyib.
Məlumata əsasən, hadisədən bir gün əvvəl həmin qız Vander Mirin evli olmasına görə münasibəti bitirib. Onun sözlərinə görə, bundan sonra Vander Mir həyat yoldaşı “ortadan qalxarsa”, birlikdə ola biləcəklərini deyib.
İstintaq versiyasına görə, qadının ölümü təsadüfi hadisə olmaya bilər.
Bernadettin ölümündən sonra Vander Mir 567,4 min dollar məbləğində sığorta pulu alıb. Daha sonra o, münasibətdə olduğu həmin şəxslə evlənib. Cütlük 2025-ci ildə boşanıb.
Bernadettin valideynləri illərdir hadisənin təsadüf olduğuna inanmadıqlarını bildiriblər. Onların sözlərinə görə, Bernadett həyat yoldaşının xəyanətləri səbəbindən boşanmağı planlaşdırırdı.
Hazırda Vander Mir məhkəməni gözləyir. Vaşinqton dairəsinin prokurorluğu istintaqı davam etdirir və keçmiş kilsə üzvlərinin ifadələrini araşdırır.

