Kahramanmaraşda 10 nəfərin öldüyü məktəb hücumu ilə bağlı məhkəmə prosesinin ilk iclası başlayıb. Hücumu törədən İsa Aras Mersinlinin ana və atası barələrində tələb olunan ağır cəzalarla hakim qarşısına çıxıblar.
Aprelin 15-də Kahramanmaraşdakı Ayser Çalık Orta Məktəbində bir şagird tərəfindən törədilən silahlı hücum nəticəsində müəllim Ayla Kara və 9 şagird həyatını itirib, 15 şagird yaralanıb.
İşə Kahramanmaraş 3-cü Ağır Cinayətlər Məhkəməsində baxılır. Hücumçunun valideynləri də ilk dəfə məhkəmə qarşısına çıxıblar.
Məhkəmə iclasından əvvəl ölən müəllim Ayla Karanın vəkili Özcan Kara bildirib ki, bu iş üzrə veriləcək qərar gələcəkdə valideynlərin uşaqların təhsili və nəzarəti ilə bağlı məsuliyyəti baxımından mühüm hüquqi nümunəyə çevrilə bilər.
İş üzrə həbsdə olan ata Uğur Mersinli barəsində “ehtimal olunan qəsdlə öldürmə” ittihamı ilə 10 dəfə ömürlük, “ehtimal olunan qəsdlə yaralama” ittihamı ilə isə 30 ilədək həbs cəzası tələb olunur.
Ana Peyman Pınar Mersinli isə “şüurlu ehtiyatsızlıq nəticəsində bir neçə şəxsin ölümünə və yaralanmasına səbəb olma” ittihamı ilə 22 il 6 ayadək həbs cəzası tələbi ilə mühakimə olunur.
Uğur Mersinli məhkəmədə bildirib ki, oğlu silahlara onun xəbəri olmadan çıxış əldə edib. Atanın sözlərinə görə, oğlunun silahları götürməsi valideyn kimi onun qəsdinin olduğunu göstərmir.

Mersinli silahların yataq otağından götürüldüyünü deyib və oğlunun məktəbə hücum edəcəyindən xəbərsiz olduğunu vurğulayıb.
Atanın ifadəsində diqqət çəkən məqamlardan biri oğlunu atıcılıq poliqonuna aparması ilə bağlı sözləri olub:
“İsa Aras Mersinlinin məktəb hücumu törədəcəyini əvvəlcədən görüb təxmin edən dövlət əməkdaşlarının bu məlumatı niyə ailə ilə bölüşmədiyini bilmək istəyirəm. Onu poliqona sevgimdən aparmışdım, aldadıldığımı hiss edirəm”, – deyə Uğur Mersinli bildirib.
O, hücumun məsuliyyətinin oğlunun üzərində olduğunu müdafiə edərək ittiham aktına da etiraz edib. Uğur Mersinli oğlundan silahları oğurladığına görə şikayətçi olduğunu da bildirib.
Denmedia.az

