Türkiyənin Kahramanmaraş vilayətinin Onikişubat rayonunda yerləşən Ayşel Çalık Orta Məktəbində silahlı hücum baş verib. Hadisə ilə bağlı çoxsaylı polis əməkdaşları əraziyə cəlb olunub.
Kahramanmaraş valisi Mükerrem Ünlüer bildirib ki, məktəbdə baş verən silahlı hücum nəticəsində 3-ü şagird, 1-i müəllim olmaqla 4 nəfər həyatını itirib, 20 nəfər isə yaralanıb. Onun sözlərinə görə, hücumun səbəbi hələlik məlum deyil.
Vali qeyd edib ki, 8-ci sinif şagirdi silahları bel çantasında məktəbə gətirib və hədəf seçmədən şagirdlərin olduğu iki sinif otağına daxil olaraq atəş açıb.
“Təəssüf ki, 4 nəfər həyatını itirib. Onlardan biri müəllim, üçü şagirddir. 20 yaralı var. Onlardan 4-ü hazırda əməliyyatda, vəziyyətlərinin ağır olduğu ehtimal edilir.”
Mükerrem Ünlüer əlavə edib ki, sosial şəbəkələrdə yayılan digər məktəblərlə bağlı xəbərlər həqiqəti əks etdirmir.
Hücum edən şagirdin də həyatını itirdiyi bildirilib.

“O da vəfat edib. Qarışıqlıq zamanı özünə atəş açıb. Bunun intihar məqsədli olub-olmadığı hələ məlum deyil. Hücumu törədən şagird bizim məktəbin şagirdidir, atası keçmiş polis əməkdaşıdır. Silahları ondan götürdüyü ehtimal olunur. O, məktəbə 5 silah və 7 daraqla gəlib.”
Kahramanmaraş Respublika Baş prokuroru Ramazan Murat Tiryaki bildirib ki, hadisə ilə bağlı dərhal istintaq başlanılıb və araşdırmalar davam edir.

