Kahramanmaraşda məktəb hücumunu törədən İsa Aras Mersinlinin saxlanılan atası Uğur Mersinlinin ilk ifadəsi ortaya çıxıb.
Uğur Mersinli bildirib ki, oğlu psixoloji müalicə alırmış və son dövrlərdə bu müalicəni yarımçıq qoyub. Hücumda istifadə olunan silahların isə ona məxsus olduğunu deyib. Onun sözlərinə görə, oğlu ona aid 7 silahdan 5-ni götürərək hücumu həyata keçirib.
“Oğlumun psixoloji problemləri var idi, müalicə alırdı. Son vaxtlar müalicəni dayandırmışdı. İngiliscəni ana dili kimi danışırdı. Bütün yeniyetmələr kimi imtahan stressi yaşayırdı. Psixoloq gələcəkdə psixiatrik müalicəyə ehtiyac ola biləcəyini demişdi. Otağına girəndə kompüterində ingiliscə məzmun görürdüm. Soruşanda əsəbiləşirdi. Mən də ingilis dili bilmədiyim üçün nə olduğunu anlamırdım.”
O, silahların normalda kilidli sandıqda saxlanıldığını vurğulayıb.
“Silahlar mənə məxsusdur, hamısı lisenziyalıdır. Adətən kilidli sandıqda saxlanılırdı, daraqlar da orada olurdu. Açarın yerini bilmirdi. Amma düşünürəm ki, kimsə onu yönləndirib. Silahların necə götürüldüyünü anlamıram.”
Araşdırma zamanı məlum olub ki, yeniyetmə son dövrlərdə onlayn silah oyunları oynayırmış və bu mövzuya xüsusi maraq göstərirmiş. O, dostlarına silahla bacarıqlı olduğunu deyir, hətta atasının onu atış poliqonuna apardığı və orada çəkilən fotoları paylaşdığı qeyd olunur.

