Hindistanda 27 yaşlı qadının sevgilisi ilə birlikdə ərini öldürməkdə şübhəli bilindiyi açıqlanıb. Hadisə Uttar-Pradeş ştatının Meerut şəhərində baş verib.
Polisin məlumatına görə, İlma adlı qadın sentyabrın 28-də ailəsinə əri 30 yaşlı Talibin qəfil xəstələnərək öldüyünü deyib. Kişinin ölümü təbii hesab edildiyindən o, qısa müddətdə dəfn olunub.
Lakin bir neçə gün sonra Talibin telefonunda aşkarlanan yazışmalar hadisənin gedişini dəyişib. Oktyabrın 1-də onun qohumu telefonda Aman adlı şəxslə yazışmaları görüb. Məlumata görə, Talib həmin şəxsdən həyat yoldaşı ilə əlaqə saxlamamasını tələb edibmiş.
Bundan sonra İlma ailə üzvlərinin sualları qarşısında Amanla münasibəti olduğunu və ərinin ölümündə iştirak etdiyini etiraf edib.
Polisin açıqlamasına əsasən, İlma ərinin onu tez-tez döydüyünü iddia edib. Qadının sözlərinə görə, sentyabrın 28-də baş verən növbəti mübahisədən sonra o, Amanı evə çağırıb. Aman isə yanında başqa bir şəxslə gəlib.
İstintaq versiyasına görə, üç nəfər Talibi döyüb, daha sonra Aman onu şərflə boğaraq öldürüb. İlma həmçinin Amanın bundan sonra onunla evlənəcəyini vəd etdiyini bildirib.
Polis Talibin ölüm səbəbini dəqiqləşdirmək üçün meyitin qəbirdən çıxarılaraq ekspertizaya göndərilməsi barədə qərar qəbul edib. Hadisə ilə bağlı araşdırma davam edir.

