ABŞ sakini Kuri Riçins ərini öldürərək sevgilisi ilə yeni həyat qurmaq planına görə məhkəmə tərəfindən təqsirli bilinib.
Bu barədə Daily Mail məlumat yayıb.
İstintaq materiallarına görə, qadın ərinə ölümcül dozada fentanil qatılmış kokteyl verərək onu qəsdən zəhərləyib.
Məlumata əsasən, üç uşaq anası olan 35 yaşlı qadın böyük maliyyə borcları ilə üzləşirdi və boşanacağı təqdirdə ərinin biznesindən pay ala bilməyəcəkdi. Lakin ərinin ölümü halında bütün var-dövlət ona keçəcəkdi.
Bildirilir ki, qadın əvvəlcə ərini sendviçə narkotik qataraq zəhərləməyə cəhd edib, lakin bu plan uğursuz olub. Daha sonra isə kokteylə fentanil qataraq planını həyata keçirib və kişi yuxuya getdikdən sonra ölüb.
Hadisədən sonra qadın özünü kədərli həyat yoldaşı kimi təqdim edib, hətta yas və itki mövzusunda uşaq kitabı belə nəşr etdirib.
İstintaq zamanı məlum olub ki, o, fentanili bir neçə dəfə əldə edib, telefonunda isə şübhəli axtarışlar aparıb.
Sevgilisi də ifadəsində bildirib ki, qadın ərinin ölümündən sonra onunla evlənmək və birlikdə yeni həyat qurmaq planları qururdu.
Münsiflər heyəti qadını qəsdən adam öldürmə, qəsd, sığorta fırıldağı və saxtakarlıq maddələri üzrə təqsirli bilib. Ona ömürlük həbs cəzası verilə bilər.

