ABŞ-nin İllinoys ştatında hindu məbədinə silahlı hücum planlaşdırmaqda şübhəli bilinən 19 yaşlı gənc saxlanıldı.
Bu barədə Associated Press (AP) agentliyi məlumat yayıb.
Hadisə ştatın Avrora şəhəri yaxınlığında qeydə alınıb. “Taco Bell” fastfud restoranında çalışan Aleksandros Paporakis terror aktı törətməklə hədələmək və qanunsuz silah saxlamaqda ittiham olunur.
İstintaqın məlumatına görə, gənc iş yoldaşlarına göndərdiyi mesajlarda kütləvi silahlı hücum planından bəhs edib. O, həmçinin silah və digər hərbi təchizatın görüntülərini paylaşıb.
Məlumata görə, şübhəlinin iş yoldaşları mesajların məzmunundan narahat olaraq dərhal polisə müraciət ediblər.
Araşdırma zamanı Paporakisin ağdərili irqinin üstünlüyünü müdafiə edən ekstremist baxışlara malik olduğu və müxtəlif etnik qruplara qarşı zorakılıq niyyətini ifadə etdiyi də müəyyən edilib.

Polisin onun evində apardığı axtarış zamanı tüfəng, döyüş sursatları və nasist simvolları olan əşyalar aşkarlanıb.
İstintaq materiallarına əsasən, şübhəli oktyabrın 11-də hücumu həyata keçirməyi planlaşdırıb. O, həmin gün saxlanılıb.
Məhkəmə Paporakisin həbsdə saxlanılması barədə qərar qəbul edib. İş üzrə növbəti məhkəmə iclası oktyabrın 30-na təyin olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.

