Böyük Britaniyada ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi Feyrford hərbi bazası yaxınlığında terror aktı hazırlamaqda şübhəli bilinən daha bir nəfər saxlanılıb.
Bu barədə Sky News telekanalı Böyük Britaniyanın terrorla mübarizə polisinin məlumatına istinadən xəbər yayıb.
Bildirilib ki, Britaniya və İranın ikili vətəndaşlığına malik 27 yaşlı kişi Londonda saxlanılıb. Bununla da Qlosterşir qraflığında yerləşən hərbi baza yaxınlığındakı insidentlə bağlı saxlanılan şəxslərin sayı 6-ya çatıb.
Britaniya Terrorla Mübarizə Polisinin baş koordinatoru Viki Evans bildirib ki, hadisənin araşdırılması olduqca mürəkkəb xarakter daşıyır.
«Qlosterşirdə baş verən hadisələrlə bağlı istintaq son dərəcə mürəkkəbdir. Mütəxəssislərimiz müxtəlif versiyaları araşdırırlar. Daha əvvəl də bildirdiyimiz kimi, xarici dövlətlərin mümkün müdaxiləsi də daxil olmaqla, bütün ehtimalları nəzərdən keçiririk», – deyə Evans qeyd edib.
Xatırladaq ki, sentyabrın 27-nə keçən gecə Feyrford hərbi bazası yaxınlığında şübhəli fəaliyyətlə bağlı polisə məlumat daxil olub. Bundan sonra əraziyə silahlı polis əməkdaşları və xüsusi xidmət qüvvələri cəlb edilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqdakı yaşayış məntəqələrinin sakinləri təxliyə olunub.
Həmin gün polis terror aktı hazırlamaq və partlayıcı maddələrlə bağlı qanun pozuntularında şübhəli bilinən 5 nəfəri saxlayıb.
Sonradan həmin şəxslər müəyyən şərtlərlə zaminə buraxılıblar. Lakin onlarla bağlı araşdırma davam edir.
Polisin məlumatına görə, şübhəli avtomobillərdə partlayıcı qurğu aşkarlanmayıb, lakin müəyyən miqdarda benzin tapılıb.
Hazırda istintaq hadisənin mümkün təşkilatçılarını və xarici dövlətlərlə əlaqəsinin olub-olmadığını müəyyənləşdirməyə çalışır.

