Türkiyənin Zonguldak şəhərində polis məktəbə hücumla hədələyən lisey şagirdini saxlayıb.
Türk KİV-lərinin məlumatına görə, 17 yaşlı yeniyetmə WhatsApp vasitəsilə təhdid xarakterli mesajlar yayıb və bu, şagirdlər və valideynlər arasında ciddi narahatlıq yaradıb. Məlumat daxil olduqdan sonra hüquq-mühafizə orqanları dərhal tədbir görərək şagirdi saxlayıb.
Polis onun evində axtarış aparıb və tapança üçün nəzərdə tutulmuş 6 ədəd boş patron aşkarlayıb.
Yeniyetmə ifadəsində patronları kənddən “xatirə kimi” gətirdiyini, göndərdiyi mesajların isə zarafat məqsədli olduğunu bildirib.
Həmçinin məlum olub ki, o, daha əvvəl sinifdə "petarda" partlatdığına görə başqa bir məktəbdən xaric edilib.

