Ağ Evdə keçiriləcək UFC turnirinə hücum planı ilə bağlı saxlanılan şəxslərdən birinin anasının polisə müraciət etdiyi məlum olub. Bu barədə ABŞ Ədliyyə Nazirliyinin dərc etdiyi məhkəmə sənədlərində qeyd olunub.
Sənədlərə əsasən, 2026-cı il iyunun 10-da Noks dairəsi şerif ofisi və Danvill polisi ictimai asayişin pozulması ilə bağlı çağırış alıb. Zəng edən qadın özünü Titsen Properin anası kimi təqdim edib və oğlunun son davranışlarından narahat olduğunu bildirib.
Məlumata görə, qadın oğlunun son vaxtlar silah alması və internetdə müəyyən şəxslərlə əlaqə saxlaması səbəbindən polisə müraciət edib.
Hadisə yerinə gələn polis əməkdaşları Properin valideynləri ilə danışıblar. Valideynlər bildiriblər ki, oğulları internetdə ünsiyyətdə olduğu şəxslərlə birlikdə müəyyən hazırlıqlar aparır, Ağ Evdə keçiriləcək turnirdən əvvəl onlarla görüşməyi planlaşdırırdı. Onlar həmçinin onun silah, döyüş sursatı, qoruyucu jilet və digər xüsusi ləvazimatlar aldığını deyiblər.
Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları 19 yaşlı Titsen Properi yerli xəstəxanaya aparıblar.
Qeyd edək ki, iyunun 16-da FTB Ağ Evdə keçiriləcək UFC Freedom 250 turnirinə hücum planının qarşısının alındığını açıqlayıb. İş üzrə 5 nəfər saxlanılıb, daha 23 nəfərin isə mümkün əlaqəsi araşdırılır.
İstintaqın versiyasına görə, şübhəlilər tədbiri pozmaq və kütləvi təxliyə yaratmaq məqsədilə hücum planlaşdırıblar. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmanı davam etdirir.
Turnirin ABŞ-ın 250 illiyi və Prezident Donald Trampın 80 illik yubileyi münasibətilə keçirilməsi planlaşdırılırdı. Trampın uzun müddətdir MMA azarkeşi olduğu və UFC rəhbəri Dana Uayt ilə yaxın münasibətlərə malik olduğu bildirilir.

