Oktyabrın 19-da Azərbaycan polisi ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan isə 4 cinayətin üstünü açıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, müxtəlif hüquqpozmalarla əlaqədar axtarışda olan 89 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 59-u borclu şəxs qismində axtarışda olub.
Bundan başqa, hüquq-mühafizə orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 12 fakt, qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi ilə bağlı isə 6 fakt müəyyən ediblər.
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.
Polis tədbirləri nəticəsində ailə üzvlərinə xəbər vermədən yaşadıqları yeri tərk etdiklərinə görə itkin düşmüş kimi axtarışa verilən 5 nəfər də tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin həmin gün dələduzluqda şübhəli bilinərək axtarışda olan 13 nəfər saxlanılıb və istintaqa təhvil verilib.
Paytaxtda və respublikanın müxtəlif rayonlarında keçirilən tədbirlər zamanı 1 avtomat, 5 tüfəng, 1 patron darağı və müxtəlif çaplı 346 patron aşkar edilərək götürülüb.
DİN qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının aşkar edilərək götürülməsi istiqamətində əməliyyat-profilaktik tədbirlərin davam etdirildiyini bildirib.

