Azərbaycanda sentyabrın 28-də polis əməkdaşları gün ərzində qeydə alınan 34 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılmasını təmin ediblər.
Bu barədə Denmedia.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Gün ərzində axtarışda olan 175 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 158-i borclu şəxs kimi axtarışda olub.
Bundan başqa, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 10 fakt, qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi ilə bağlı isə 7 fakt müəyyən olunub. Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.
Polis əməkdaşları ailə üzvlərinə məlumat vermədən yaşadıqları ünvanı tərk etdiklərinə görə itkin düşmüş kimi axtarışda olan 14 nəfəri də taparaq aidiyyəti üzrə təhvil veriblər.
Həmin gün keçirilən əməliyyat tədbirləri nəticəsində dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Əməliyyatlar zamanı ümumilikdə 5,4 kiloqram narkotik vasitə aşkar edilərək götürülüb.
Bakı və ölkənin müxtəlif rayonlarında isə 1 avtomat, 9 tüfəng və 1 patron darağı aşkarlanaraq götürülüb.
DİN-dən bildirilib ki, qanunsuz saxlanılan odlu silah və sursatların aşkar edilərək götürülməsi istiqamətində əməliyyat-profilaktik tədbirlər davam etdirilir.

