ABŞ-nin Corciya ştatında 76 yaşlı qadın keçmiş ərini və onun sevgilisini güllələyərək öldürməkdə ittiham olunur.
Hadisə Tumbs dairəsinin Uvalda şəhərində baş verib.
Məlumata görə, 76 yaşlı Qreys Eyc keçmiş əri, 75 yaşlı Uolles Trumen Eyc və onun 40 yaşlı sevgilisi Pamela Kukun olduğu evə daxil olaraq atəş açıb. Hər iki şəxs hadisə yerində həyatını itirib.
Atışma zamanı Pamelanın 55 yaşlı anası Dayana Kuk da qolundan yaralanıb.
Tumbs dairəsinin şerifi Cordan Kayt bildirib ki, hadisənin keçmiş ər-arvad arasındakı münasibətlərdən qaynaqlandığı ehtimal edilir. Onun sözlərinə görə, şübhəli qadın keçmiş ərinin yeni münasibətini qəbul edə bilməyib.
Hadisədən sonra Qreys Eyc saxlanılıb. Ona qarşı iki nəfərin öldürülməsi və bir nəfərin yaralanması ilə əlaqədar ümumilikdə yeddi ittiham irəli sürülüb.
Faktla bağlı istintaq davam edir.

