Oktyabrın 21-də Azərbaycan polisi ölkə ərazisində qeydə alınan 39 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin üstünü açdı.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verildi.
Gün ərzində axtarışda olan 95 nəfər saxlanıldı. Onlardan 71-i borclu qismində axtarışda idi. Saxlanılan şəxslərin hamısı aidiyyəti üzrə təhvil verildi.
Bundan başqa, narkotiklərlə bağlı 9 fakt, qanunsuz saxlanılan silah və sursatın aşkarlanaraq götürülməsi ilə bağlı isə 3 fakt müəyyən edildi. Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanıldı.
Əməliyyat-axtarış tədbirləri zamanı ailə üzvlərinə məlumat vermədən yaşayış yerini tərk etdikləri üçün itkin düşmüş kimi axtarışa verilən 2 nəfər də tapılaraq aidiyyəti qurumlara təhvil verildi.
Həmçinin dələduzluq cinayətləri ilə əlaqədar axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verildi.
Həmin gün polis əməkdaşları 40,5 kiloqram narkotik vasitə və güclü təsiredici xüsusiyyətlərə malik 400 həb aşkar edərək götürdülər.
Bakı və Azərbaycanın müxtəlif bölgələrində isə 1 tapança və 3 tüfəng aşkar edilərək götürüldü.
DİN-dən bildirildi ki, qanunsuz saxlanılan odlu silah və sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat-profilaktik tədbirlər davam etdirilir.

