Prostat vəzinin adenomasından fərqli olaraq, prostat xərçəngi çox vaxt heç bir spesifik simptom vermir. Buna görə də xəstəliyi vaxtında aşkar etməyin yeganə yolu – qanda prostat-spesifik antigenin (PSA) səviyyəsini mütəmadi yoxlamaqdır.
DenMedia.az xəbər verir ki, bu barədə “Qazeta.ru”ya “Bud Zdorov” klinikalar şəbəkəsinin baş uroloqu, cərrah Maksim Ryabov məlumat verib.
Həkimin sözlərinə görə, prostat vəzi xərçəngi kişilər arasında ən çox yayılmış onkoloji xəstəlikdir. Əksər hallarda xərçəng vəzi periferiyasında, sidik kanalından uzaqda inkişaf edir və uzun müddət sidik yollarını zədələmir. Buna görə də şiş böyüyənə və ya sümüklərə metastaz verdiyə qədər parlaq simptomlar yaratmır.
“İlk narahatedici siqnal çox vaxt ağrı və ya kəskin dəyişikliklərlə bağlı olmur. Kişi sadəcə gecələr daha tez-tez tualetə qalxmağa başlayır, sidiyin axını zəifləyir və ya sidik kisəsinin tam boşalmadığını hiss edir. Buna görə prostat xərçəngi çox vaxt daha ‘zərərsiz’ xəstəliklərlə — prostat vəzinin adenoması, prostatit və ya yaşla bağlı dəyişikliklərlə səhv salınır,” – deyə həkim bildirib.
Mütəxəssis qeyd edib ki, xəstəliyi vaxtında aşkar etmək üçün kişilər 50 yaşdan sonra mütəmadi olaraq uroloqa müraciət etməli və qanda PSA analizini verməlidirlər.
“Prostat xərçənginin əsas göstəricisi PSA qan analizidir. Bu onkomarker xərçəngi simptomlar yaranmadan belə aşkar etməyə imkan verir. 50–75 yaş arası bütün kişilərə hər il PSA testi verməyi tövsiyə edirik. Əgər ailədə prostat xərçəngi halları olubsa, skrininqə 45 yaşdan başlamaq lazımdır,” – deyə Ryabov vurğulayıb.
Eyni zamanda, həkim xəbərdarlıq edib ki, PSA səviyyəsinin yüksək olması həmişə xərçəng demək deyil, eləcə də normal göstərici onun tam yoxluğunu istisna etmir.
“Xəstəlik erkən mərhələdə aşkarlanarsa, müalicə həyat keyfiyyətini və müddətini qorumağa imkan verir. Adətən erkən mərhələdə cərrahi müdaxilə tətbiq olunur — bu, minimal invaziv üsulla həyata keçirilir və reabilitasiya qısadır. Əgər metastazlar (əsasən sümüklərdə) varsa, hormon və ya kimyəvi terapiya təyin edilir,” – deyə uroloq yekunlaşdırıb.

