Bəzi ilk baxışda zərərsiz görünən vərdişlər oynaqların sağlamlığını ciddi şəkildə zədələyə bilər. Bu barədə terapevt və “Strategiya zdorovya” klinikalar şəbəkəsinin baş həkimi Dmitri Demidik “Lenta.ru”ya açıqlamasında danışıb.
Həkimin sözlərinə görə, oynaqları ən çox məhv edən amil hərəkətsizlikdir.
“Əgər insan gündə 8–10 saat divanda, kresloda və ya stulda hərəkətsiz vəziyyətdə qalırsa, oynaqlar ‘qurumağa’, elastikliyini və hərəkətliliyini itirməyə başlayır, qan dövranı pisləşir”, – deyə o xəbərdarlıq edib.
Oturaq həyat tərzi xüsusilə bud-çanaq və diz oynaqlarına, eləcə də onurğaya mənfi təsir göstərir.
Demidik əlavə edib ki, bəzi ağır idman yüklənmələri də təhlükəlidir. Onun sözlərinə görə, 20 yaşda asan görünən məşqlər 40 yaşdan sonra o qədər də təhlükəsiz olmaya bilər. Yaş artdıqca daha yüngül və qoruyucu fiziki aktivlik seçilməlidir.
Həkim artıq çəkinin də risk yaratdığını vurğulayıb. Piylənməsi olan insanlarda dizlərə, ayaqlara və bud-çanaq oynaqlarına düşən yük bir neçə dəfə artır və bu, zamanla problemlərə gətirib çıxarır.
Bundan başqa, qidalanma balansının pozulması və faydalı maddələrin çatışmazlığı da oynaqların aşınmasına səbəb ola bilər.
“Əsas problemlərdən biri zülal, D vitamini, kalsium və maqnezium çatışmazlığıdır. Bu, sümük-oynaq sisteminin vəziyyətini pisləşdirir. Fastfood kimi qidalar isə iltihabı daha da gücləndirir”, – deyə həkim bildirib.

