Qara qarağat şirəsi beynin alın paylarına qan axınını artırır – həm sakit vəziyyətdə, həm də zehni gərginlik zamanı. Bu barədə Nutritional Neuroscience jurnalında dərc olunan araşdırmada bildirilir. Tədqiqatçılar müəyyən ediblər ki, qara qarağat beyni sözün əsl mənasında “cavanlaşdırır”. Bu təsir giləmeyvədə yüksək konsentrasiyada olan antosianinlər – damarları möhkəmləndirən təbii polifenollarla əlaqələndirilir.
Alın payları nəyə cavabdehdir?
Beynin alın paylarında yerləşən strukturlar aşağıdakı funksiyalara cavab verir:
-
qərarvermə
-
diqqətin cəmlənməsi
-
tənqidi düşünmə
-
planlaşdırma
Yaş artdıqca beyni qidalandıran damarlar elastikliyini itirir, qan dövranı zəifləyir və neyronlar kifayət qədər qida ala bilmir. Bu isə dərhal koqnitiv funksiyalara təsir göstərir.
Qara qarağatın tərkibindəki antosianinlər damar divarını qorumağa və oksidləşmə proseslərini ləngitməyə kömək edir. Bununla da beynin yaşlanma prosesini yavaşıdır.
Qara qarağatın tərkibində nə var?
Qara qarağat C vitamini ilə zəngin olan giləmeyvələrdən biridir. Tərkibindəki bioflavonoidlər bu vitamini parçalanmadan qoruyaraq antioksidant təsiri gücləndirir.
Digər faydalı komponentlər:
-
Antioksidantlar – aterosklerozun qarşısını almağa və normal qan dövranını qorumağa kömək edir
-
Pektinlər (həll olunan qida lifləri) – qan şəkərini və xolesterini azaltmağa dəstək olur
-
Lif – bağırsaq sağlamlığını və mikrobiom balansını qoruyur
Gündə nə qədər yemək olar?
Dietoloq Elena Solomatina Vechernyaya Moskva nəşrinə bildirib ki, yeni araşdırmaya baxmayaraq, qara qarağatı həddindən artıq istehlak etmək düzgün deyil.
Qara qarağatın tərkibində olan üzvi turşular mədə selikli qişasını qıcıqlandıra və diş minasına mənfi təsir göstərə bilər. Əksər sağlam insanlar üçün gündə 1–2 ovuc kifayət hesab olunur.

