Psixiatr və onkoloq Lyudmila Morozova yaddaşı yaxşılaşdırmağın sadə və təsirli yolunu açıqlayıb. O, bu barədə İzvestiya nəşrinə müsahibəsində danışıb.
Həkimin sözlərinə görə, beynin fəaliyyətini gücləndirmək üçün şirniyyat və un məmulatları ilə ara yeməklərdən uzaq durmaq vacibdir. Morozova izah edib ki, şirin qidaların qəbulu qanda şəkərin kəskin qalxıb-enməsinə səbəb olur. Bu isə əvvəlcə qısa müddətli enerji versə də, sonradan diqqətin və yaddaşın zəifləməsi ilə nəticələnir.
Mütəxəssis xəbərdarlıq edib ki, qan şəkərinin uzun müddət yüksək qalması damarları zədələyir, beynin qanla təchizatını pisləşdirir və zamanla damar pozğunluqları ilə neyrodegenerativ xəstəliklər riskini artırır.
Şirniyyat əvəzinə həkim tam taxıllı məhsullar, tərəvəzlər və paxlalılar yeməyi tövsiyə edib. Bundan başqa, rasionda dəniz balığı, giləmeyvələr, yaşıl yarpaqlı tərəvəzlər, qoz-fındıq və tumlar, eləcə də fermentləşdirilmiş süd məhsulları yer almalıdır.
“Heç bir məhsul və ya əlavə təkbaşına möcüzə yaratmır. Qoruyucu təsir yalnız sistemli yanaşma ilə mümkündür: balanslı qidalanma, fiziki aktivlik, təzyiq və şəkərin nəzarətdə saxlanması, keyfiyyətli yuxu və zehni məşğulluq”, — deyə Morozova vurğulayıb.

