Kanadanın MakMaster Universitetinin alimləri müəyyən edib ki, qadınların gündəlik kalorilərinin təxminən 30%-ni fast food və ultraemal olunmuş qidalar təşkil etdikdə hamilə qalma ehtimalı kəskin azalır. Araşdırmanın nəticələri Nutrition and Health (NutriHealth) jurnalında dərc olunub.
Tədqiqatda 20–45 yaş arası 2582 qadının məlumatları analiz edilib. Onlar həm hamilə qalma cəhdləri, həm də gündəlik qidalanma vərdişləri barədə sualları cavablandırıblar.
Nəticələr göstərib ki, ümumilikdə ultraemal olunmuş məhsullar rasionun təxminən 27%-ni təşkil edir, lakin fertilliyi zəif olan qadınlarda bu göstərici 30%-ə çatır.
Alimlər qeyd edir ki, bu fərq kiçik görünsə də, statistik olaraq sabit əlaqə var: belə qidaların payı artdıqca hamilə qalma ehtimalı azalır.
Bu əlaqə yaş, bədən çəkisi və həyat tərzi kimi amillər nəzərə alındıqdan sonra da qorunub. Bu isə göstərir ki, problem yalnız kalori və ya piylənmə ilə bağlı deyil.
Mütəxəssislərin fikrincə, səbəb ultraemal olunmuş qidalarda və onların qablaşdırmasında olan kimyəvi maddələr ola bilər. Bunlara ftalatlar, bisfenol A və akrilamidlər daxildir və onlar hormonal balansı poza bilər.

