Məktəbli uşağın səhər yeməyi bir neçə qida qrupundan ibarət olmalıdır ki, o, həm tox qalsın, həm də dərslər üçün kifayət qədər enerji alsın.
Qastroenteroloq Yekaterina Kaşux RT-yə bildirib ki, səhər uşağın rasionunda mürəkkəb karbohidratlar, zülal, tərəvəz, meyvə və ya giləmeyvə olmalıdır.
Səhər yeməyinin əsasını yulaf, qarabaşaq və ya darı sıyığı təşkil edə bilər. Həkim tez hazırlanan sıyıqlar əvəzinə tam bişirilməsi tələb olunan variantlara üstünlük verməyi tövsiyə edib. Sıyığa təzə və ya dondurulmuş giləmeyvə əlavə etmək olar.
Digər uyğun variant tam taxıllı çörək, pendir, az miqdarda kərə yağı və ya yağsız vetçina ola bilər. Yanında meyvə vermək də mümkündür.
Zülal mənbəyi kimi yumurta və ya kəsmik seçilə bilər. Məsələn, yumurtaya tam taxıllı çörək və yağsız vetçina, kəsmiyə isə giləmeyvə və ya meyvə tikələri əlavə etmək olar.

Həkim şirin səhər lopaları, şokoladlı toplar, bulkalar və şirniyyatları gündəlik səhər yeməyinin əsasına çevirməməyi tövsiyə edib. Bu məhsullarda çoxlu əlavə şəkər, az miqdarda isə lif ola bilər.
Şirin çay, kakao və ya meyvə şirəsi də tam səhər yeməyini əvəz etmir.
Kaşux vurğulayıb ki, bütün uşaqlar üçün universal menyu yoxdur. Səhər yeməyi hazırlanarkən uşağın yaşı, iştahı, fiziki aktivliyi, allergiyası və sağlamlıq xüsusiyyətləri nəzərə alınmalıdır.

