İsti havalarda susuzluğu yatırmaq üçün ən yaxşı seçim adi içməli sudur.
Bu barədə RIA Novostiyə həkim-terapevt Aleksey Abızov bildirib.
Həkimin sözlərinə görə, su orqanizmdə maye itkisini ən effektiv şəkildə bərpa edir və susuzlaşma riskini azaltmağa kömək edir.
Müxtəliflik üçün ev şəraitində hazırlanan, şəkər əlavə edilməyən içkilərdən də istifadə etmək olar. Lakin bunun üçün şəxsdə əks göstəriş və ya allergik reaksiya olmamalıdır.

Mütəxəssis nümunə olaraq bitki çaylarını, limonlu suyu, nanəli suyu və ya giləmeyvəli içkiləri qeyd edib.
Şirin qazlı içkilər, limonadlar və südlü kokteyllər isə məhdudlaşdırılmalıdır. Həkimin sözlərinə görə, bu içkilər susuzluğu yaxşı yatırmır, əksinə, ağızda quruluq hissini və əlavə maye qəbuluna ehtiyacı artıra bilər.
Aleksey Abızov kofe və kofein tərkibli digər içkilərlə bağlı da xəbərdarlıq edib. O, belə içkilərin qəbulunu gündə iki fincanla məhdudlaşdırmağı tövsiyə edib.
Həkim bildirib ki, kofein sidikqovucu təsirə malikdir və bu da orqanizmdə əlavə maye itkisinə səbəb ola bilər.

