Uşaqlıq travmaları insanın gələcək həyatını mütləq şəkildə müəyyən etmir. Bunun üçün “zaman hər şeyi sağaldır” prinsipi ilə yaşamaq əvəzinə, keçmiş təcrübələr üzərində şüurlu şəkildə işləmək vacibdir.
Bu barədə NEWS.ru-ya psixoloq Nadejda Şeqren bildirib. Onun sözlərinə görə, insan beyni yetkin yaşlarda da dəyişmək və yenidən formalaşmaq qabiliyyətini qoruyur. Bu prosesdə əsas rolu neyroplastiklik oynayır.
Psixoloq deyib:
“‘Bütün problemlər uşaqlıqdan gəlir’ ifadəsi inandırıcı səslənir, amma insanın məsuliyyətini azaldır və dəyişiklik ümidini əlindən alır. Beyin yalnız uşaqlıqda deyil, bütün həyat boyu dəyişmək qabiliyyətini saxlayır. Buna neyroplastiklik deyilir. İnsan yeni təcrübə qazandıqda və onun üzərində şüurlu şəkildə işlədikdə, hətta 50 yaşında belə neyronlar arasında yeni əlaqələr yaranır”.
Şeqrenin sözlərinə görə, məhz buna görə terapiya, münasibətlər və ya insanın özü ilə səmimi söhbəti əvvəllər dəyişməz görünən reaksiyaların yenidən formalaşmasına kömək edə bilər.
O, həmçinin “zaman hər şeyi sağaldır” fikrinin də mif olduğunu vurğulayıb.
“Uşaqlıq təcrübəmiz bu gün niyə və necə olduğumuzu izah edir, amma bu, son hökm deyil. Reaksiyalarının mənşəyini anlayan və öz üzərində işləməyə davam edən insan daha azaddır”, – psixoloq bildirib.

