Yaşlı insanlar üçün beyin fəaliyyətini qorumağın əsas şərti həyata maraqdır. Bu barədə psixologiya üzrə fəlsəfə doktoru, psixofizioloq və psixoterapevt Nadejda Babayeva bildirib.
Onun sözlərinə görə, “sadəcə məşq xatirinə məşq” beyin üçün o qədər də effektiv deyil.
2025-ci ilə aid yeni araşdırmalar, xüsusilə Yaponiya və Şimali Avropa tədqiqat mərkəzlərindən əldə olunan nəticələr göstərir ki, neyroplastiklik ən yaxşı şəkildə insan yeni və qeyri-adi fəaliyyətlər öyrəndikdə aktivləşir — məsələn, rəqs, musiqi aləti və ya yeni dil.

“Yaddaşı sadəcə darıxdırıcı məşqlərlə inkişaf etdirmək kifayət etmir. Fiziki aktivlik vacibdir, amma təkbaşına demensiyanın qarşısını almır. Bunun üçün hərəkət, ünsiyyət, keyfiyyətli yuxu və həyatın mənalı olduğunu hiss etməkdən ibarət bir ‘kokteyl’ lazımdır”, — deyə Babayeva bildirib.
Psixoloq vurğulayıb ki, beyin inkişafı üçün maraq və daxili təhlükəsizlik hissi əsas rol oynayır. Onun sözlərinə görə, məhz bu motivasiya neyronların fəaliyyətini daha güclü stimullaşdırır.

