Universitetdən sonra, ailə quranda, boşananda, işi dəyişəndə və ya hətta uşaq sahibi olduqdan sonra insanın sosial çevrəsi çox vaxt tamamilə dəyişir. Əvvəllər həyatın təbii hissəsi olan gündəlik görüşlər, ümumi məkanlar və təsadüfi söhbətlər tədricən yox olur.
Uşaqlıq və gənclik illərində dostluq həyatımıza sanki avtomatik şəkildə daxil olur: məktəb, dərnəklər, universitet, ortaq mühit və gündəlik ünsiyyət buna şərait yaradır. Amma 30 yaşdan sonra dostluq artıq şüurlu səy, vaxt və emosional açıqlıq tələb edir. Yetkin insanların ən çox çatışmayan resursları da məhz bunlardır.
Bu səbəbdən bir çox insana böyüklük yaşında yeni dost tapmaq qəribə, utandırıcı və ya “gecikmiş” kimi görünür. Halbuki psixoloqlar bildirirlər ki, bu, həyatın tamamilə normal mərhələsidir.
Uşaqlıqda və universitet illərində dostlaşmağın daha asan olmasının əsas səbəblərindən biri insanlarla daimi yaxınlıqda olmaq idi. Eyni insanları hər gün görürdük və əlaqələr demək olar ki, öz-özünə yaranırdı. Yetkinlik dövründə isə bu şəraiti insan özü yaratmalıdır.
Böyüklük yaşında dostluq adətən müəyyən sistem ətrafında formalaşır: kurs, yaşadığınız rayon, müntəzəm məşğuliyyət, ortaq hobi və ya fəaliyyət. Buna görə ən sadə məsləhət budur: harasa mütəmadi getməyə başlayın. Bu, kitab klubu, keramika studiyası, idman zalı, yoqa, könüllülük fəaliyyəti, dil kursu və ya qaçış klubu ola bilər.

Özünüzə sadə sual verin: mənə bənzəyən insanlar haralara gedir? Oxşar dəyərləri və maraqları olan insanları tapmaq ən çox məhz belə yerlərdə mümkün olur. Mütəxəssislər ayrıca könüllülüyü də vurğulayırlar. Çünki könüllülük yalnız tanışlıq yaratmır, həm də ilk andan ortaq məqsəd hissi formalaşdırır. Məsələn, heyvan sığınacağına kömək edirsinizsə, həmin otaqdakı insanlarla artıq sizin üçün vacib olan ortaq bir dəyər var.
Ən çətin hissə isə tanışlıqdan sonra başlayır. Uşaqlıqda dostluq çox vaxt öz-özünə yaranırdı. Yetkin yaşda isə insan təşəbbüs göstərməli, bir az risk etməlidir. Bu da demək olar ki, hamı üçün qorxuludur.
Çox vaxt dost olmaq istədiyiniz insan da eyni addımı sizdən gözləyir. Ona görə hər şeyi çətinləşdirməyə ehtiyac yoxdur. Özünüzü təqdim edin, yerində və səmimi bir kompliment edin, sonra isə qəhvə içməyi və ya gəzintiyə çıxmağı təklif edin. Ən pis ehtimal odur ki, qarşı tərəf imtina edəcək. Amma mümkün qazanc bu riskdən daha böyükdür.
Yetkin həyat yorucudur. İşdən sonra insanın tək istəyi çox vaxt evə gedib yorğanın altına girmək və bütün planları ləğv etmək olur. Amma psixoloqlar məhz belə anlarda tamamilə təcrid olmamağı məsləhət görürlər. Bəlkə də gələcək yaxın dostunuz getməyə tənbəllik etdiyiniz həmin görüşdədir. Bəzən yeni münasibətlər insanın özünü zorla apardığı adi bir axşamdan başlayır.
Dostluq müntəzəmliyi sevir. Ən böyük səhvlərdən biri insanın daim fəaliyyət dəyişməsi və heç bir yerdə “oturuşmamasıdır”. Bu gün bir idman zalına, sabah başqa yerə, o biri gün yeni kursa gedirsinizsə, tanışlıqların daha dərin münasibətə çevrilməsi üçün kifayət qədər vaxt olmur.
Əksinə, müntəzəmlik tanışlıq, təhlükəsizlik və yaxınlıq hissi yaradır. Eyni qayda tanışlıqdan sonra da keçərlidir. Üç ayda bir dəfə içilən bir qəhvə çox nadir hallarda yaxın dostluğa çevrilir. Əsl yaxınlığı çox vaxt “ideal söhbət” yox, davamlı ünsiyyət yaradır.
Köhnə dostlar da ikinci şansa layiqdir. Hər dostluq münaqişə səbəbindən bitmir. Bəzən insanlar sadəcə köçür, ailə qurur, həyat ritmini dəyişir, yorğunluq və məşğulluq səbəbindən uzaqlaşırlar. Belə münasibətlərin çoxu qopmağa yox, yenidən qurulmağa ehtiyac duyur. Bəzən sadəcə açıq danışmaq kifayətdir: sizə nə çatmır, əlaqəni necə saxlamaq istəyirsiniz və ehtiyaclarınız necə dəyişib.
Və bunu da unutmaq olmaz: əgər kimsə sizinlə əlaqəni azaltdısa və ya cavab vermədisə, bu, sizin insan kimi dəyərinizi müəyyən etmir.
Yetkin yaşda keyfiyyət kəmiyyətdən daha vacibdir. Artıq çox insan onlarla səthi tanışlıq arxasınca qaçmır. Əksinə, daha dərin, təhlükəsiz və dürüst münasibətlər istəyir. Bu, tamamilə təbiidir. Sosial çevrəniz kiçilə bilər, amma daha dəstəkləyici və emosional baxımdan daha yetkin hala gələ bilər.
Rədd cavabı da faciə deyil. Həqiqət budur ki, hər insan sizin dostunuz olmayacaq və bu normaldır. Bəzən səbəb sizdə deyil. Qarşı tərəf yüklənmiş, çətin dövrdən keçən və ya yeni münasibətlər üçün enerjisi olmayan biri ola bilər. “Yox” cavabı sadəcə məlumatdır, sizin dəyərinizə verilən qiymət deyil.
Yetkin yaşda dostluq məktəb və universitet illərinə nisbətən daha çox cəsarət tələb edir. Artıq heç kim sizi eyni partada oturtmur, ortaq çatlara əlavə etmir və hər gün eyni insanlarla görüşməyə məcbur etmir. Amma bunun üstün tərəfi də var.
Böyüklük yaşında qurulan dostluq çox vaxt daha dərin olur, çünki bu, artıq iki formalaşmış insanın şüurlu seçimidir. Bəlkə də ən vacib məsələ budur: “hamı artıq öz adamlarını tapıb” düşüncəsindən çıxmaq lazımdır. Əslində çoxlu yetkin insan sadəcə birinin ilk addımı atmasını gözləyir:
“Bəlkə, bir qəhvə içək?”

