Qorxu və narahatlıq uşaqlara yalnız genlər vasitəsilə deyil, həm də gündəlik həyat davranışları ilə keçə bilər.
Bu barədə NEWS.ru-ya ailə və uşaq psixoloqu Qalina Reyntal danışıb.
Onun sözlərinə görə, uşaq anasının reaksiyalarını müşahidə edir və onun narahatlığını qayğı və sevgi forması kimi qəbul edir. Nəticədə bu davranış modeli zamanla uşağın dünyanı qavrama tərzinə çevrilə bilər.
Psixoloq bildirib ki, valideynlərdən uşaqlara yalnız xarici görünüş, istedad və ya xəstəliklərə meyillilik keçmir. Onlar həm də həyat ssenarisini — nədən qorxmaq, nəyi normal saymaq, gündəlik həyatı necə qurmaq kimi davranış nümunələrini mənimsəyirlər.
Reyntalın sözlərinə görə, ana uşağın isti geyinib-geyinmədiyinə, yaxşı qidalanıb-qidalanmadığına, dərslərini edib-etmədiyinə və kimlə gəzdiyinə daim narahatlıqla yanaşdıqda, uşaq bunu sevgi və qayğı kimi qəbul edir. Eyni zamanda o, sözsüz şəkildə dünyanın təhlükəli yer olduğu mesajını alır.
Beləliklə, narahatlıq uşaq üçün həyata reaksiya verməyin adi formasına çevrilə bilər.
Psixoloq əlavə edib ki, hər şeyi tam nəzarətdə saxlamaq istəyi də çox vaxt gizli narahatlığın göstəricisidir. İnsan qorxduğu zaman daxili gərginliyi azaltmaq üçün hər şeyi nəzarət altında saxlamağa çalışır.
Ekspertin fikrincə, bu davranış özü-özlüyündə pis deyil. Lakin insanın özünə və yaxınlarına yaşamaqda çətinlik yaratmağa başlayırsa, artıq problemə çevrilə bilər.
Reyntal qeyd edib ki, bəzən insan “mən uşağımı valideynlərim kimi narahatlıq içində böyütməyəcəyəm” desə də, yetkin yaşda özündə eyni reaksiyaları görə bilər.

