Pivə, tünd spirtli içkilər, enerji içkiləri, fast food, şəkərli qazlı içkilər, kolbasa və hisə verilmiş məhsullar kişilərin sağlamlığı üçün ən zərərli qidalar sırasında göstərilib. Uroloq Leonid Boxanov “Gazeta.Ru”ya bildirib ki, bu məhsullar libidonu azalda və erektil funksiyaya mənfi təsir göstərə bilər.
Həkimin sözlərinə görə, 35–40 yaşdan sonra libido azalmasından şikayət edən bəzi pasiyentlərin hər axşam 2–3 bokal pivə içdiyi məlum olur. Boxanov qeyd edib ki, pivədən imtina etdikdən bir neçə ay sonra testosteron səviyyəsi bəzi hallarda dərmansız şəkildə normallaşa bilir.

O, enerji içkilərinin də ayrıca risk yaratdığını vurğulayıb. Kofein, taurin və şəkərin birlikdə qəbulu qan təzyiqində sıçrayışlara və damarların daralmasına səbəb ola bilər. Uroloqun sözlərinə görə, hətta 20–25 yaşlı pasiyentlərdə belə erektil disfunksiya hallarına rast gəlinir.
Boxanov həmçinin bildirib ki, kolbasa və hisə verilmiş məhsullar xroniki yüksək qan təzyiqi riskini artıraraq ereksiyanın keyfiyyətinə təsir göstərə bilər. Şəkərli qazlı içkilər və şirniyyatlar insulin səviyyəsində kəskin dəyişikliklərə, sonradan isə testosteron istehsalında problemlərə yol aça bilər.
Fast food isə damarların daxili qatında iltihabi prosesləri gücləndirə və bununla da kişilərin reproduktiv sağlamlığına mənfi təsir göstərə bilər.

