Enerji içkiləri ilə qarışdırılmış spirtli kokteyllər qəfil ürək dayanmasına səbəb ola bilər. Bu barədə narkoloq Andrey Tyurin Lenta.ru-ya açıqlamasında bildirib.
Həkim xəbərdarlıq edib ki, bu “aldadıcı dərəcədə yüngül görünən” kombinasiya xüsusilə gənclər üçün təhlükəlidir.
“Alkoqol və enerji içkilərinin birgə istifadəsi sağlam görünən gənclərdə belə qəfil ürək dayanmasına səbəb ola bilər”, – deyə Tyurin izah edib.
Onun sözlərinə görə, bu kokteyllərdəki şəkər mədəaltı vəzə ciddi yük yaradır və diabet, pankreatit riskini artırır.
Eyni zamanda, qazlı içkilər alkoqolun qana daha sürətli sorulmasına səbəb olur.
Həkim əlavə edib ki, kofein sərxoşluq hissini maskalayır, nəticədə insan öz real vəziyyətini hiss etmir və bu da alkoqol zəhərlənməsi riskini artırır.

